
Cari ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirləri 13,965 milyard manat təşkil edib ki, bu da 4 aylıq proqnozdan 219,7 milyon manat və ya 1,6 faiz çoxdur.
FinFly bu barədə Maliyyə Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, hesabat dövründə dövlət büdcəsinin xərcləri 11,192 milyard manat proqnoza qarşı 10,962 milyard manat, yəni 97,9 faiz icra olunub.
Qeyd edilib ki, gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 6,923 milyard manat təşkil edərək proqnozdan 398,2 milyon manat və ya 6,1faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2,065 milyard manat təşkil edərək proqnozdan 37,9 milyon manat və ya 1,9 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 14,8 milyon manat təşkil edərək proqnozdan 3,2 milyon manat və ya 27,2 faiz və sair daxilolmalar 182,3 milyon manat təşkil edərək proqnozdan 100,4 milyon manat və ya 122,4 faiz çox icra edilib.
Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 200,3 milyon manat təşkil edərək proqnoza qarşı 71,9 milyon manat və ya 26,4 faiz, Dövlət Neft Fondundan transfert isə 4,579 milyard manat təşkil edərək proqnoza qarşı 247,9 milyon manat və ya 5,1 faiz az icra edilib.
Bu ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb, xərclərlə əlaqədar 440 mindən çox ödəniş tapşırığı yerinə yetirilib.