
"Avropa Siyasi Birliyi"-nin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək.
FinFly xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta bildirib.
"Tiranada uğurlu Zirvə toplantısından sonra "Avropa Siyasi Birliyi" 2025-ci ilin oktyabrında Kopenhagendə yenidən toplanacaq. Bu tədbir liderlər səviyyəsində Ümumavropa siyasi dialoqu üçün vacib platformaya çevrilib", - Koşta qeyd edib.
O, sammitin 2026-ci ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ilin birinci yarısında Azərbaycanda, ikinci yarısında isə Latviyada keçiriləcəyini vurğulayıb.
Belə bir tədbirin Bakıda keçirilməsi Azərbaycanla Avropa ölkələri arasında münasibətlərin inkişaf tendensiyasından xəbər verir. Belə ki, Prezident İlham Əliyevin Tiranada "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısı çərçivəsində keçirdiyi çoxsaylı ikitərəfli görüşlər, bu görüşlərdə səmimi münasibətlər və dialoqlar Azərbaycanla köhnə qitə arasında münasibətlərdə yeni səhifənin açıldığını nümayiş etdirdi.
Tiranada Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini deyərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyində roluna toxundu. Dövlət başçısı Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu dedi, bu gün Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında Azərbaycanın rolunu vurğuladı.