
Son illərdə kriptovalyuta bazarı qlobal maliyyə sisteminin ayrılmaz hissəsinə çevrilərək, iqtisadi və siyasi proseslərin təsiri altında dinamik inkişaf yolunu keçir. 2025-ci ilin yanvarında "Bitcoin"in tarixi maksimum həddə çataraq 109 588 ABŞ dollarına qədər bahalaşması, bu tendensiyanın ən parlaq nümunəsidir. Bu rekord göstərici beynəlxalq bazarlarda qeyri-müəyyənliklərin artdığı və rəqəmsal aktivlərin maliyyə sistemində önəmli yer tutmağa başladığı bir dövrdə baş verdi.
Artıq kriptovalyutaların qlobal iqtisadi sistemə də təsiri xeyli artıb. Kriptovalyutalar artıq yalnız fərdi investorların deyil, həm də hökumətlərin, iri maliyyə institutlarının və şirkətlərin diqqət mərkəzindədir. ABŞ, Avropa İttifaqı və Çin kimi aparıcı iqtisadi güclər bu bazarı tənzimləmək, şəffaflığı artırmaq və sektoru risklərdən qorumaq üçün yeni yanaşmalar tətbiq edir.
2025-ci ilin yanvarında "Bitcoin"in qiymətində qeydə alınan rekord artım, xüsusilə ABŞ-da kriptovalyutalara olan marağın yüksəlməsi ilə əlaqələndirilir. Yanvarın 20-də ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimi öncəsi bazarda yaranan müsbət gözləntilər, "Bitcoin"in qiymətinin qısa müddətdə sürətlə artmasına səbəb oldu. Lakin gözlənilən çıxışda kriptovalyutalarla bağlı konkret bəyanat səslənmədiyindən, bu, qısamüddətli korreksiyaya gətirib çıxardı və "Bitcoin"in dəyəri 99 500 ABŞ dollarına qədər enərək, hazırda 100 min ABŞ dolları səviyyəsində ticarət olunur.
Bu hadisə, rəqəmsal aktivlərin beynəlxalq maliyyə bazarlarında nə dərəcədə həssas olduğunu bir daha göstərir. Kriptovalyutaların qiymət dinamikası yalnız texniki və fundamental analizlərlə deyil, həm də siyasi qərarlarla yaxından bağlıdır. ABŞ hökumətinin kriptovalyutalara dair yeni addımları isə bazar iştirakçıları üçün növbəti dönəmi müəyyən edən əsas faktor kimi çıxış edir.
Analitiklərin fikrincə, hazırda "Bitcoin"in əsas dəstək səviyyəsi 96 500-97 000 ABŞ dolları arasında, dirənc səviyyəsi isə 105 800-106 200 ABŞ dolları arasında yerləşir. Ekspertlər bildirirlər ki, növbəti qiymət dəyişiklikləri əsasən ABŞ hökumətinin kriptovalyutaların tənzimlənməsi istiqamətində atacağı addımlardan asılı olacaq.