
"Unibank" ASC 2025-ci ilin I rübündə biznes kreditləşməsi, rəqəmsallaşma və müştəri bazasının genişlənməsi sahələrində mühüm uğurlara imza atıb.
FinFly xəbər verir ki, Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit portfelində payını yüksəldib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 32 faiz artaraq 457 milyon manatı ötüb və kredit portfelindəki payı 41 faizə çatıb. Ümumi kredit portfeli isə 123 milyon manat artıb.
Strateji inkişaf çərçivəsində rəqəmsal transformasiyaya xüsusi diqqət yetirən "Unibank", "Leobank" layihəsi ilə kiçik və mikro sahibkarlar üçün tam rəqəmsal məhsul təqdim edib. Bu yenilik biznes müştərilərinə banka gəlmədən hesab açmaq, əməliyyatlar aparmaq və kredit əldə etmək imkanı verib. Hazırda bank əməliyyatlarının 73 faizdən çoxu rəqəmsal kanallar vasitəsilə həyata keçirilir. Rəqəmsal kanallar üzərindən aparılan biznes əməliyyatlarının sayı ötən dövrlə müqayisədə 14 faiz artıb.
Nağdsız əməliyyatların inkişafı da davam edib. Ötən ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların məbləği 24 faiz, sayı isə 30 faiz artıb. Təkcə ilk rübdə nağdsız əməliyyatların həcmi 3,2 milyard manatı, sayı isə 99 milyonu ötüb.
Bankın müştəri bazası ötən il ilə müqayisədə 12 faiz artaraq, ümumi müştəri sayı 2 milyon 86 min nəfəri keçib. Sahibkar müştərilərin sayı 33 faiz, hüquqi şəxslərin sayı isə 20 faiz yüksəlib. Depozit portfeli də sabit artım nümayiş etdirib və müddətli depozitlərin həcmi 40 milyon manat artaraq, ümumi depozit portfeli 1,2 milyard manatı keçib.
Faiz və qeyri-faiz gəlirlərinin cəmi 85 milyon manat olub. Dövr ərzində Bank, rəqəmsal və dayanıqlı inkişaf strategiyasına uyğun olaraq investisiyalara əhəmiyyətli diqqət ayırıb. Bu investisiyalar, pərakəndə portfelin yenidən formalaşdırılması və yeni likvidlik tələblərinə uyğunlaşma nəticəsində yaranan yüksək faiz xərcləri ilə birlikdə qısamüddətli əməliyyat mənfəətliliyinə təsir edib. Hesabat dövründə əməliyyat mənfəəti 12 milyon manat, vergidən əvvəl mənfəət isə 3,6 milyon manat təşkil edib.
Bankın kapital və aktiv bazasında artım davam edib. Məcmu kapital 10 faizdən çox artaraq 180 milyon manata çatıb, aktivlərin məbləği isə 14 faiz artaraq 1,8 milyard manatı ötüb.