
İkinci mərhələsi yaxın aylarda tamamlanması planlaşdırılan Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi layihəsi çərçivəsində əsas diqqət infrastrukturun dörd ölkənin enerji sistemlərinə təhlükəsiz inteqrasiyasına və marşrutun ekoloji tələblərə uyğun şəkildə hazırlanmasına yönəldiləcək.
FinFly xəbər verir ki, bu barədə Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji üzrə Məşvərət Şuralarının nazirlər səviyyəsində keçirilən iclasında CESI şirkətinin qlobal bazarlar və biznesin inkişafı üzrə direktoru Andrea Meola məlumat verib.
O bildirib ki, CESI şirkəti ötən ilin əvvəlindən layihənin texniki məsləhətçisi qismində çıxış edir.
Meolanın sözlərinə görə, ikinci mərhələdə diqqət iki əsas məsələyə yönələcək: infrastrukturun milli enerji sistemlərinə etibarlı şəkildə qoşulmasını təmin etmək üçün dəyişən cərəyanın gücləndirilməsi və layihənin marşrutu ilə bağlı ekoloji şərtlərin detallı şəkildə işlənməsi. Layihə çərçivəsində Azərbaycanda və Gürcüstanda yüksək gərginlikli daimi cərəyan xətləri ilə infrastruktur gücləndiriləcək, Gürcüstan və Rumıniya arasında üç sualtı kabel çəkiləcək, həmçinin Rumıniya və Macarıstanda enerji şəbəkələri modernləşdiriləcək.
Hər bir kabel 1,3 GVt gücündə olacaq ki, bu da texnoloji baxımdan maksimum həddir. Qara dənizin dərinliyi 2000 metrə çatır və bu şərtlərə uyğun kabel istehsal edə bilən istehsalçıların sayı dünyada çox azdır. Tender mərhələsində rəqabəti təmin etmək məqsədilə məhz bu güc seçilib. Texnologiyalar mövcuddur, lakin çətinliklər də qalır – belə kabellərə tələbat yüksəkdir və onları döşəyə biləcək gəmilərin sayı məhduddur.
Layihənin hidrogen komponentinə toxunan Meola qeyd edib ki, bu hissə daha sonra reallaşdırılacaq, lakin layihənin ümumi konsepsiyasında mühüm yer tutur. Gələcəkdə həm Cənubi Qafqazda, həm də Avropada ötürülən elektrik enerjisinin bir hissəsinin hidrogen istehsalına yönəldilməsi nəzərdə tutulur.
O əlavə edib ki, layihənin kommersiya və bazar baxımından səmərəliliyi ayrıca təhlil olunacaq. Nəticə etibarilə əsas sual ondan ibarətdir ki, bu layihə çərçivəsində istehsal olunan elektrik enerjisini kim alacaq. Avropada elektrik enerjisi ticarəti üçün müxtəlif ssenarilər mövcuddur və bu komponent layihənin gəlirliliyini və maliyyə dayanıqlılığını müəyyən edəcək.