
Hacken şirkətinin yeni hesabatına əsasən, 2025-ci ilin birinci yarısında kripto sənayesindəki itkilər 3,1 milyard ABŞ dollarına çatıb.
FinFly-ın hesabat istinadən verdiyi məlumata görə, bu rəqəm bütün 2024-cü il ərzində qeydə alınan ümumi itkiləri üstələyir. Əsas səbəblər arasında giriş hüquqlarının idarə olunmasındakı boşluqlar, şəxsi açarların və smart-kontraktların sızması, eləcə də fişinq hücumları yer alır.
Analitikləri xüsusilə narahat edən məqam DeFi protokollarındakı boşluqlar və sosial mühəndislik hücumlarının artmasıdır.
Ən böyük zərəri məhz giriş idarəçiliyi ilə bağlı hücumlar vurub – bu kateqoriyaya düşən itkilər 1,83 milyard dollar təşkil edib ki, bu da ümumi zərərin 59 faizinə bərabərdir. Səbəblər sırasında rol bölgüsündəki səhvlər, icazə məntiqindəki çatışmazlıqlar və multi-imza interfeyslərinin zəifliyi göstərilir.
Bybit birjasına edilən hücum nəticəsində 1,46 milyard dollar zərər dəyib. Bu, yalnız 2025-ci ilin ilk yarısında deyil, bütün kripto tarixində qeydə alınan ən böyük hücum hesab olunur.
Hacken bildirir ki, oxşar zəifliklər daha kiçik protokollarda da aşkarlanıb: məsələn, UPCX-ə edilən hücum nəticəsində 70 milyon dollar, KiloEx layihəsində isə 7,5 milyon dollar itki qeydə alınıb.
Bununla belə, ikinci rübdə ümumi zərərin həcmi 1,6 milyard dollardan 190,5 milyon dollara qədər azalıb, lakin təhdid hələ də qalır. Hakerlər hələ də tam hüquqlu tək açarları və ya məhdudiyyətsiz hüquqlara malik rolları tapmaq üçün sistemləri sınağa çəkməyə davam edirlər.