
ABŞ-ın tarifləri Mərkəzi Asiya və Cənubi Qafqaz regionunun bank və şirkətləri üçün birbaşa deyil, dolayı risklər yaradır.
FinFly xəbər verir ki, bu barədə Moody’s beynəlxalq reytinq agentliyi bildirib.
Paylaşılan məlumata görə, tariflərin region ölkələrinə birbaşa iqtisadi təsiri məhdud olacaq.
"Bunun səbəbi, tariflərin orta səviyyəli olması və ABŞ-ın bu ölkələrin ümumi ixracatında kiçik paya sahib olmasıdır. Əksər ixrac malları yeni tariflərdən kənarda qalacaq: Məsələn, Qazaxıstanın Ticarət Nazirliyinə görə, ölkənin ABŞ-a ixrac etdiyi məhsulların 90%-dən çoxunu xam neft, uran, gümüş və digər xammallar təşkil edir ki, bunlar tariflərdən azaddır", - deyə, qeyd edilir.
Bununla əlavə, Moody’s hesab edir ki, böyük iqtisadiyyatlar arasında ticarət müharibəsinin dərinləşməsi banklar və şirkətlər üçün ticarət, zəifləyən inam və makroiqtisadi vəziyyət, maliyyə bazarları olmaqla üç əsas risk kanalı vasitəsilə daha geniş iqtisadi çətinliklər yarada bilər.
"Xüsusilə, neft və digər xammal qiymətlərinin aşağı olması, potensial ticarət pozuntuları, valyuta dəyişkənliyi, azalan investisiya axınları, inflyasiya təzyiqləri, daha sərt kredit şərtləri və sektoral təsirlər bəzi şirkətlərin fəaliyyətini zəiflədə bilər. Bu isə yerli bankların kredit portfelinin artımını əngəlləyəcək, aktiv keyfiyyətini zəiflədəcək və mənfəətliliyi sıxışdıracaq", - Moody’s-in məlumatında deyilir.
Reytinq agentliyi həmçinin əlavə edib ki, qlobal ticarət axınlarında dəyişiklik region üçün, o cümlədən Azərbaycan üçün bəzi imkanlar yarada bilər.
"ABŞ bazarına yönəlmiş məhsulların, məsələn, avadanlıq, metallurgiya məhsulları və tikinti materiallarının yerli bazarlarda daha əlverişli qiymətlərlə təqdim olunması ehtimalı var. Həmçinin, ABŞ-ın tarif siyasəti nəticəsində yaranacaq qlobal ticarət müharibəsi ölkələri yeni ticarət tərəfdaşları axtarmağa vadar edə bilər ki, bu da təbii ehtiyatlarla zəngin olan Mərkəzi Asiya və Cənubi Qafqaz regionuna marağı artıra bilər. Region həm də şimal-cənub və şərq-qərb istiqamətində nəqliyyat və logistika baxımından əhəmiyyətli potensiala malikdir. Xüsusilə Qazaxıstan və Azərbaycanda yük daşıma və dəmir yolu sektorları Asiya və Avropa arasında tranzit əməliyyatlarından faydalana bilər. Bu isə investisiyanın və bank kreditlərinə tələbin artmasına səbəb ola bilər. Lakin artan iqtisadi qeyri-müəyyənlik fonunda risklər yüksək olaraq qalır".
Moody’s aşağı neft qiymətlərinin Azərbaycan və Qazaxıstanda neft-qaz sektorlarına, gəlirləri və mənfəətliliyi azaldaraq, yeni layihələrə və kəşfiyyata investisiyanı zəiflədə biləcəyini də qeyd edib.
"Yerli banklar birbaşa dövlət neft şirkətləri ilə əlaqəli olmasalar da, neft sektorunun zəifləməsi qeyri-neft iqtisadiyyatına təsir edəcək. Bu isə kiçik və orta sahibkarlıq, pərakəndə ticarət sahələrində artan bank ekspozisiyalarını risk altına alacaq".
Agentlik qeyd edir ki, son illərdə hər iki ölkə iqtisadiyyatlarını şaxələndirmək və ehtiyat fondlarını artırmaq üçün mühüm addımlar atıblar.
"Bu təşəbbüslər ilkin xammal asılılığını azaltmaq və iqtisadi dayanıqlığı artırmaq baxımından vacibdir. Pandemiya dövründə, neftin orta qiyməti 2020-ci ildə 40 dollar olarkən bu dayanıqlıq təsdiqləndi".