
Özbəkistan hökuməti Azərbaycanın "Agalarov Development" şirkəti ilə Daşkənd vilayətinin Bostanlıq rayonunda, Çarvak su anbarının sahilində bütün mövsümlük "Sea Breeze Uzbekistan" kurortunun tikintisinə dair müqavilə imzalayıb. Layihəyə qoyulacaq investisiyaların həcmi 5 milyard dollar qiymətləndirilir.
FinFly xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, saziş 2025-ci il iyunun 11-də Özbəkistan iqtisadiyyatının əsas sektorlarına xarici kapitalın cəlb edilməsi perspektivlərinin müzakirə olunduğu IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanıb.
2024-cü ilin dekabrında layihənin 10 milyard dollar dəyərində qiymətləndirildiyi bildirildi. "Sea Breeze" premium kurortlar şəbəkəsinin təsisçisi Emin Ağalarov daha sonra layihəni Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim edib. Apreldə layihə yenidən dövlət başçısı ilə müzakirə olunub.
Layihə həm xarici qonaqları, həm də yerli sakinləri cəlb edən ilboyu turizm mərkəzinə çevrilməli olan "kurort şəhəri" kimi adlanır. Layihə 577 hektar sahəsində reallaşacaq. Hakimiyyət bunun minlərlə iş yeri yaradacağını və bölgəyə turist axınını artıracağını gözləyir.
"Agalarov Development" şirkətinin rəhbəri Emin Ağalarov bundan əvvəl "Sea Breeze" formatını (ilkin olaraq Azərbaycanda tətbiq olunub) digər MDB ölkələrində də təkrarlamaq niyyətində olduğunu bəyan edib. Onun sözlərinə görə, Özbəkistanda ilk obyektlər 1,5-2 ilə istifadəyə verilə bilər.
İqtisadcılar hesab edirlər ki, bu layihə Özbəkistanın turizm sektoruna ən böyük özəl investisiya olacaq. Bununla belə, onun uğuru regionun infrastruktur hazırlığından, o cümlədən nəqliyyatın əlçatanlığı və logistikasından asılı olacaq.
Ötən ilin yayında "Agalarov Development" şirkəti də Daşkəndin mərkəzində yaşayış kompleksi və mehmanxana tikintisini elan edib. Layihənin dəyəri 133 milyon dollar qiymətləndirilir.