
Avropa İttifaqı Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Saziş layihəsi üzrə danışıqların başa çatması ilə bağlı Ermənistan və Azərbaycanın müvafiq bəyanatlarını alqışlayır.
FinFly bu barədə Avropa İttifaqı Xarici Siyasət Xidmətinin nümayəndəsinin/vitse-prezidentinin bəyanatına istinadən xəbər verir.
“Biz hər iki tərəfin son bir neçə ildə bu istiqamətdə, həm ikitərəfli səviyyədə, həm də beynəlxalq ictimaiyyətin iştirakı ilə gördükləri işi yüksək qiymətləndiririk. Müvafiq bəyanatlar bölgədə dayanıqlı sülh və təhlükəsizlik yolunda mühüm addım təşkil edir. Bu irəliləyişi qorumaq və bu prosesi hər iki tərəfdən eyni uzaqgörən və kompromisə yönəlmiş yanaşma ilə rəvan şəkildə başa çatdırmaq vacibdir”, - bəyanatda qeyd olunur.
Bundan başqa yazılı bəyanatda qeyd olunur ki, Avropa İttifaqı Ermənsitan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini tam dəstəkləyir və tərəflərə əlavə dəstək göstərməyə hazırdır.
Xatırladaq ki, ötən gün Azərbaycan XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını elan edib.
"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq.Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq.İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq", - deyə XİN-dən bildirilib.