
Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üçün 2025–2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlıq Strategiyasını (ÖTS) təsdiq edib.
FinFly bu barədə banka istinadən xəbər verir.
Strategiyada ölkənin inkişaf hədəflərinə çatmaq üçün dəyər yaradılması, inteqrasiya və dayanıqlılıq əsas prioritetlər kimi vurğulanır. Beşillik strategiya iki əsas istiqamətə fokuslanacaq - "yaşıl" və şaxələndirilmiş iqtisadiyyatın qurulması, aşağı-karbonlu bağlantıların və inklüziv inkişafın təşviqi.
AİB-in Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal bildirib ki, bank yeni strateji mərhələdə dayanıqlı iqtisadi artımın təmininə, özəl sektorun aparıcı rol oynadığı inkişaf modelinə keçidə, maliyyə sektorunun gücləndirilməsinə və regional əməkdaşlığın dərinləşdirilməsinə önəm verir.
“AİB uyğunlaşdırılmış strateji investisiyalar və birgə səylər vasitəsilə Azərbaycanın inkişaf prioritetlərinə çatmasına, regional təşəbbüslərin irəlilədilməsinə və ölkə vətəndaşları üçün firavan gələcəyin qurulmasına dəstək verməyi hədəfləyir”, - deyə o qeyd edib.
Yeni strategiya Azərbaycanın milli inkişaf strategiyaları ilə uzlaşdırılıb və mövcud çağırışların həllinə, eyni zamanda "yaşıl" və dayanıqlı artım imkanlarının reallaşdırılmasına yönəlib. Strategiya çərçivəsində innovasiya, yüksək əlavə dəyərli məhsul və xidmətlərin inkişafı, eləcə də peşəkar insan kapitalının gücləndirilməsi kimi istiqamətlər üzrə rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması nəzərdə tutulur.
Məlumatda qeyd edilir ki, strategiyanın nəticələri təkcə ÜDM-in artımı ilə deyil, əhalinin rifahı, ətraf mühitin qorunması və qlobal ictimai mallara töhfə baxımından da qiymətləndiriləcək. Bu məqsədlə sənəddə iqlim fəaliyyətinin gücləndirilməsi, fəlakət risklərinin idarə olunması, gender bərabərliyi və rəqəmsal transformasiya kimi sahələrdə təşəbbüslər planlaşdırılır.