
Asiya İnkişaf Bankı (AİB) Azərbaycana "Bakı Metropoliteni" QSC-nin inkişafı üçün 1 milyard ABŞ dollarına qədər kredit verməyə hazırdır.
FinFly "Report"a istinadla xəbər verir ki, layihənin məqsədi gələcəyin "ağıllı" və dayanıqlı şəhər nəqliyyatının yaradılmasıdır.
Bankdan bildirilib ki, kredit ümumi dəyəri 2 milyard ABŞ dolları olan daha geniş investisiya proqramı çərçivəsində nəzərdə tutulur. Enerji səmərəliliyinin artırılması və “təmiz enerji” texnologiyalarının tətbiqi yolu ilə Bakı Metropoliteninin modernləşdirilməsinə yönəlmiş texniki yardım da təklif olunur.
"Texniki yardım enerji istehlakını və istismar xərclərini azaltmaq məqsədilə infrastrukturun modernləşdirilməsi imkanlarının qiymətləndirilməsini nəzərdə tutur. Eyni zamanda, günəş enerjisi və Batareya Enerji Saxlanc Sistemi (BESS) kimi bərpa olunan enerji həllərinin inteqrasiyası planlaşdırılır. Texniki yardım çərçivəsində həmçinin profilaktik xidmət və təkmilləşdirilmiş analitik məlumat emalı da daxil olmaqla, əməliyyatları optimallaşdırmaq üçün müvafiq tətbiqlərin və ağıllı enerji idarəetmə sistemlərinin tətbiq edilməsini araşdırmaq təklif olunur", - bankdan vurğulanıb.
Qeyd olunub ki, Bakı metrosu aşağı karbonlu, inklüziv və səmərəli şəhər nəqliyyat şəbəkəsinin formalaşmasında əsas rol oynayır.
Bu ilin may ayında "Bakı Metropoliteni" QSC və Asiya İnkişaf Bankı (AİB) üç əsas istiqamət üzrə yeni əməkdaşlıq konsepsiyasının hazırlanması barədə razılığa gəliblər. Buraya enerji səmərəliliyi, infrastrukturun səmərəli istismarı, həmçinin süni intellekt və data əsaslı qərarların qəbul edilməsi daxil olmaqla qabaqcıl texnologiyaların tətbiqi daxildir.
Bu ilin sonuna qədər beynəlxalq təcrübə və ekspertizanın tətbiqi ilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələrin həyata keçirilməsinə yönəlmiş bir sıra tədbirlərin birgə reallaşdırılmasına başlanılması planlaşdırılır.