
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 22 iyul 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da dəyişiklik edib.
FinFly xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, milli valyutada istehlak kreditlərinin təminatı ilə bağlı meyarlara dəyişiklik edilib. Belə ki, milli valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda olan depozitlər, digər birinci qrup təminatlar və banka saxlanc girovu kimi qoyulmuş qiymətli metallar (bank metalları istisna olmaqla) nəzərə alınacaq. İndiyə qədər təminat kimi eyni bankda olan depozitlər, banka saxlanc girovu kimi qoyulmuş bank metalları və digər qiymətli metallar çıxış edirdi.
Bundan başqa, limitli borcalanın vergidən sonra xalis gəlirlərinin 5 mislindən artıq olan istehlak krediti xətlərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1 %-dən artıq olmamalıdır. Hesablama zamanı nəzərdə tutulmuş təminatlarla təmin edilmiş kredit xətləri istisna olmaqla borcalanın bütün kredit təşkilatları qarşısındakı öhdəlikləri nəzərə alınacaq.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Son xəbərlər
-
30 Iyl, 2025
Bakı limanında aşırılan yükün həcmi artıb...