
Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafının ikinci mərhələsi çərçivəsində daha 10 yeni layihənin həyata keçirilməsini planlaşdırır.
FinFly-ın məlumatına görə, bu barədə Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Avropa mediasına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, 2027-ci ilə qədər Azərbaycanda yaşıl enerji sahəsində 10 layihənin reallaşdırılması planlaşdırılır və bu məqsədlə 2,7 milyard manatlıq investisiyanın yönəldilməsi nəzərdə tutulur.
"Bu, 2 qiqavatlıq yaşıl enerji gücünün yaradılmasına imkan verəcək. 2027-ci ildən sonra üç mərhələli inkişafın ikinci fazası çərçivəsində daha 10 layihəmiz var – dəniz külək elektrik stansiyaları, quruda yerləşən külək elektrik stansiyaları, günəş enerjisi layihələri və s. Beləliklə, 2030-cu ilə qədər biz əlavə 6 qiqavat yaşıl enerji gücü yaradacağıq ki, bunun da 4 qiqavatı əsasən dəniz külək stansiyalarından ixrac ediləcək", – deyə energetika nazirinin müavini qeyd edib.
Onun sözlərinə görə, eyni zamanda Azərbaycanda bu yeni gücləri stabilləşdirmək məqsədilə 250 meqavatlıq enerji yığma (akkumulyator) sistemlərinin tikintisi də planlaşdırılır.
Yaşıl enerji dəhlizi “Azərbaycan-Türkiyə” layihəsinə toxunan Zeynalov bildirib ki, bu dəhliz Naxçıvandan başlayacaq.
"Boston Consulting Group bu layihənin texniki-iqtisadi əsaslandırılmasını yaxın zamanda tamamlayıb və yekun hesabat hökumətə təqdim olunub. Layihə iki əsas komponentdən ibarətdir. Birinci komponent – yaşıl enerji istehsal ediləcək Naxçıvanda yaşıl enerji zonasıdır. Burada əsasən günəş elektrik stansiyalarında enerji istehsalı planlaşdırılır, çünki Naxçıvanda radiasiya səviyyəsi daha yüksəkdir. Eyni zamanda külək enerjisi üçün də müəyyən potensial mövcuddur. İkinci komponent isə Türkiyəyə enerji interkonnektorudur", – deyə o qeyd edib.
Zeynalov əlavə edib ki, bu enerji dəhlizi vasitəsilə yaşıl enerjinin tədarükü üçün dörd variant nəzərdən keçirilib: 0,5 QVt, 1 QVt, 1,5 QVt və 3 QVt.
"O cümlədən, HVDC (yüksək gərginlikli birbaşa cərəyan) kabelinin çəkilməsi məsələsi də gündəmdədir və bu məsələ də qiymətləndiriləcək. Bu, olduqca önəmli layihədir və onun iki mümkün marşrutu var: birbaşa Naxçıvandan Türkiyəyə ixrac marşrutu və alternativ marşrut – Azərbaycanın materik hissəsində yerləşən Cəbrayıl qovşağından Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana, oradan isə Türkiyəyə. Hər iki variant Boston Consulting Group-un hesabatında təhlil edilib", – nazir müavini vurğulayıb.