
Azərbaycan və Özbəkistan bərpa olunan enerjinin inkişafı sahəsində regional liderlərə çevrilirlər.
FinFly "Moody’s"ə istinadən xəbər verir ki, mövcud enerji istehsal güclərinin məhdud imkanları regional qarşılıqlı əlaqəyə və bərpa olunan enerjinin, xüsusilə şimalda külək, cənubda isə günəş enerjisi imkanlarının inkişaf etdirilməsinin zərurətinə diqqəti artırır.
"Hökumətlərarası planlar Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında elektrik enerjisinin transsərhəd ticarətinə şərait yaratmaq üçün Xəzər yaşıl enerji dəhlizinin yaradılmasını nəzərdə tutur.
Eyni zamanda, regionun bir çox ölkələri enerji sektorunda rəqabətli bazarların formalaşdırılması və özəl investisiyaların cəlbi istiqamətində islahatlara başlayıblar. Azərbaycan və Özbəkistan isə bərpa olunan enerji sahəsində regional liderlərə çevrilir”, – deyə "Moody’s"in hesabatında qeyd olunur.
Reytinq agentliyi vurğulayır ki, son illərdəki diplomatik irəliləyişlər — 2022-ci ildə Qazaxıstanla Özbəkistan arasında, 2023-cü ildə Qırğızıstanla Özbəkistan arasında, həmçinin, 2025-ci ilin martında Qırğızıstanla Tacikistan arasında sərhəd razılaşmalarının əldə olunması — enerji qarşılıqlı əlaqələrinin genişlənməsi üçün əsas yaradıb. Ermənistanla Azərbaycan arasında 2025-ci il avqustun 8-də sülh sazişinin paraflanması isə regional sabitliyi daha da möhkəmləndirir.
"Moody’s"in analitiklərinin fikrincə, Mərkəzi Asiyada və Qafqazda regiondaxili ticarətin artması daha sıx enerji inteqrasiyası potensialını önə çıxarır.
"Regiondaxili ticarətin həcmi 2017–2023-cü illər arasında münasibətlərin yaxşılaşması, infrastruktur investisiyaları və Orta Dəhlizin — Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Avropa ilə birləşdirən multimodal ticarət marşrutunun inkişafı sayəsində, demək olar ki, ikiqat artıb. Gəlmə və regiondaxili turizm də 2015-ci ildə 22,5 milyon nəfərdən 2023-cü ildə 31,5 milyon nəfərə qədər, yəni 40 faiz artıb", – hesabatda qeyd olunur.