Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan və Qazaxıstan birgə brend altında ilk un tədarükü barədə razılaşıblar - FinFly

Azərbaycan və Qazaxıstan sahibkarları yaxın vaxtlarda Qazaxıstan ununun Azərbaycana yeni birgə brend altında ilk tədarükünü həyata keçirməyi planlaşdırırlar.

FinFly Qazaxıstanın Azərbaycandakı səfirliyinə istinadən məlumatına görə, müvafiq razılaşma Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının işçi görüşü zamanı əldə edilib.

Tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının həmsədri Dauren Bimov və Şuranın Azərbaycandan yeni təyin olunmuş həmsədri Emin Sadıq iştirak ediblər.

Səfir A.Bayel qeyd edib ki, ötən il Qazaxıstan tərəfindən olan həmsədri – Dauren Bimovun təyin olunması ilə İşgüzar Şurasının fəaliyyətinəyeni impuls verilib. Belə ki, son bir il ərzində Şuranın koordinasiyası ilə Azərbaycana Qazaxıstandan 9 biznes nümayəndə heyəti səfər edib. Diplomat, Azərbaycandan yeni həmsədrinin təyin olunması ilə bu strukturun işi daha da aktivləşəcəyinə əmin olduğunu bildirib.

Diplomat, həmçinin 2025-ci ilin ilk 4 ayı ərzində Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsinin 20 % artmasını məmnuniyyətlə qeyd edib: “Hazırda qarşılıqlı ticarət iki ölkə müstəqillik əldə etdikdən bəri rekord səviyyədədir”.

A.Bayel Qazaxıstanın Azərbaycana taxıl tədarükündəki aparıcı roluna xüsusilə diqqət çəkib: “Azərbaycanın ümumi idxalında Qazaxıstan buğdasının payı rekord göstərici – 88 % təşkil edib”.

Səfir vurğulayıb ki, Qazaxıstan rəhbərliyi Azərbaycanla sənaye kooperasiyasının inkişafına xüsusi əhəmiyyət verir.

O.Məmmədov isə Qazaxıstanla birgə layihələrin həyata keçirilməsində işin daha da aktivləşdirilməsinə hazır olduqlarını təsdiqləyib.

Tədbir çərçivəsində D.Bimov logistika, aqrar-sənaye kompleksi, energetika, ticarət, infrastrukturun inkişafı, restoran biznesi və rəqəmsallaşma sahələrində birgə Qazaxıstan-Azərbaycan layihələri üzrə bir sıra perspektivli təşəbbüslərin təqdimatı ilə çıxış edib.

Azərbaycan tərəfi öz növbəsində yerli istehlakçıları üçün Qazaxıstan buğdası və ununun üstünlüklərinə dair təhlilin nəticələrini təqdim edib. Qazaxıstan buğdasının yüksək keyfiyyəti və ölkədən sabit tədarükün təmin edilməsinin vacibliyi xüsusi vurğulanıb.