
Qarşıdakı illərdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında biznes əlaqələrinin daha da genişləndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
FinFly xəbər verir ki, bu çərçivədə ilk növbədə, işgüzar dairələr arasında davamlı dialoqun təmin edilməsi və konkret layihələr üzrə tərəfdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur. Danışıqların daha praktik müstəviyə keçməsi və konkret nəticələr verməsi üçün qarşılıqlı maraq doğuran sahələr üzrə birgə layihələrin icrasına xüsusi önəm veriləcək.
Bununla yanaşı, Səudiyyə Ərəbistanının Ciddə və ya Ər-Riyad şəhərində Azərbaycan Ticarət Evi açılması planlaşdırılır. Bu təşəbbüs Azərbaycan məhsullarının tanıdılması və ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Səudiyyə Ərəbistanı investorlarının Azərbaycana dəvət olunması, Bakıda keçirilən işgüzar görüşlər və investisiya təqdimatları vasitəsilə onların maraqlarının stimullaşdırılması istiqamətində işlər aparılır.
Bu görüşlərdə sənaye, əczaçılıq, kənd təsərrüfatı, turizm, qida, tikinti, memarlıq, dizayn, logistika və bərpa olunan enerji kimi müxtəlif sahələrdə fəaliyyət göstərən hər iki ölkənin iş adamları arasında birbaşa əlaqələr qurulub, qarşılıqlı maraq doğuran investisiya layihələri ətrafında fikir mübadiləsi aparılıb. İşgüzar Şuranın iclaslar çərçivəsində Azərbaycanın biznes və investisiya imkanları, ixrac potensialı, yerli və xarici iş adamlarına göstərilən dəstək və xidmətlər barədə təqdimatlar keçirilib, həmçinin Azərbaycan iş adamları tərəfindən biznes və ticarət sahəsində əməkdaşlıq perspektivləri və şəbəkələşmə imkanları diqqətə çatdırılıb.
"Eyni zamanda biznes və investisiya sahəsində yeni təşəbbüslər irəli sürülməsi, Səudiyyə Ərəbistanı və Azərbaycan arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi məqsədilə keçirilən “B2B” görüşlərdə hər iki ölkənin KOB-ları arasında məlumat və təcrübə mübadiləsi aparılıb, tərəfdaşlıq əlaqələrinin təşviqi, qarşılıqlı biznes missiyaların və birgə tədbirlərin təşkili kimi məsələlər müzakirə olunub. Bu görüşlərdə iştirakçılara fəaliyyət istiqamətləri üzrə ətraflı məlumatlar qarşılıqlı şəkildə təqdim edilib", - deyə məlumatda bildirilir.