Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycana məxsus şirkətlərin qiymətli kağızlarının Lond Fond Birjasına buraxılması ölkəmizə nə verə bilər? - FinFly

Azərbaycana məxsus şirkətlərin qiymətli kağızlarının Böyük Britaniyanın Lond Fond Birjasında (London Stock Exchange - LSE) ticarətə buraxılması müzakirə olunması vacib məqamdır.

FinFly xəbər verir ki, bunu Trend-ə açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.

O bildirib ki, bu istiqamətdə ölkəmiz geridə qalmaqdadır.

"Azərbaycan bazarının miqyasını nəzərə almış olsaq, burada iri şirkətlərin formalaşması və öz qiymətli kağızlarını xarici fond birjalarında təqdim etməsi çağırış hesab edilə bilər. Belə ki, ölkəyə xarici investisiyanın cəlb edilməsi və korporativ idarəetmə mədəniyyətinin təkmilləşdirilməsi, institutlaşdırılması baxımından qiymətli kağızların xarici birjalarda yerləşdirilməsi çox əhəmiyyətlidir.

Artıq ölkəmizin qarşısında mürəkkəb geosiyasi və geoiqtisadi mühit dayanır. Belə şəraitdə işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı layihələrin icrasına böyük vəsait tələb olunur. Həm dövlət müəssisələri, həm də özəl sektorun xarici bazarlara açılması, daha çox maliyyə vəsaiti cəlb etməsi, şirkətlərin idarə olunmasına təcrübənin gətirilməsi indiki şəraitdə böyük əhəmiyyət daşımaqdadır", - o deyib.

Həsənov bildirib ki, müvafiq siyasət sürətlə idarə edilməklə yaranacaq potensial risklərə münasibətdə preventiv üsullardan biri kimi nəzərdən keçirilməlidir:

"Bu istiqamətdə addımlar dolayısı ilə subyektlərin, müəssisələrin fəaliyyətinin şəffaflaşmasına, hesabatlılığın dərinləşməsinə, orta və uzunmüddətli dövrdə iqtisadiyyatın formal seqmentinin fiskal faydalarının artmasına gətirib çıxaracaq. Çünki xarici birjalarda qiymətli kağızların yerləşdirilməsi müəssisənin nəticələrinin performansına, nəticələrinə bağlı prosesdir. Bu istiqamətdə şəffaflıq, hesabatlılıq qaçılmaz olacaq".

İqtisadçı ekspert Bəhruz Zöhrab qeyd edib ki, Azərbaycana məxsus şirkətlərin Londan Fond Birjası (LSE) kimi qlobal bir birjada ticarətə buraxılması ölkə iqtisadiyyatına müsbət təsir göstərə bilər.

O bildirib ki, bu təsirlər həm birbaşa, həm də dolayı ola bilər:

"Londan Fond Birjasına çıxan şirkətlər beynəlxalq investorların diqqətini çəkir. Bu, Azərbaycana xarici sərmayə axınını artıra bilər, çünki birjada ticarət olunan səhmlərə sərmayə qoymaqla xarici investorlar birbaşa Azərbaycan iqtisadiyyatına daxil olmuş olurlar.

LSE-də listinq üçün ciddi hesabatlılıq və şəffaflıq tələbləri var. Bu, şirkətlərin maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına, korporativ idarəetmənin gücləndirilməsinə səbəb olar. Dolayı yolla, bu, ölkədəki digər şirkətlərə də nümunə ola bilər. Azərbaycan şirkətlərinin LSE kimi nüfuzlu birjaya çıxması ölkənin beynəlxalq imicinə müsbət təsir edir. Bu, həm turizm, həm də qeyri-neft sektorlarında marağın artmasına kömək edə bilər".

Ekspert qeyd edib ki, bu addım daxili fond bazarının inkişafına da stimul verə bilər.

"Yerli investorlar və şirkətlər beynəlxalq təcrübədən faydalana, daha geniş maliyyə alətlərinə çıxış əldə edə bilər. Xarici investorların yatırdığı vəsaitlər ölkəyə valyuta şəklində daxil olur. Bu isə tədiyyə balansını yaxşılaşdırır və manatın sabitliyinə dəstək verə bilər", - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycana məxsus şirkətlərin qiymətli kağızlarının Böyük Britaniyanın Lond Fond Birjasında (London Stock Exchange - LSE) ticarətə buraxılması müzakirə olunub.

Məlumata görə, birjanın nümayəndə heyəti Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası çərçivəsində Londona işgüzar səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankı və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin nümayəndələri ilə birgə LSE-də görüşdə iştirak ediblər. Görüşdə Azərbaycan şirkətlərinin LSE-də dual listinqə və xarici kapitala çıxışları imkanının araşdırılması, xarici investorların Azərbaycanın kapital bazarları ilə bağlı məlumatlılığının artırılması məqsədilə LSE-nin data və analitikasında yer alması müzakirə edilib. Fond bazarları arasında olan qarşılıqlı əməkdaşlıq hər iki ölkə arasında mövcud sıx iqtisadi münasibətlərə dəstək verəcək, eyni zamanda, yerli şirkətlərin kapital bazarları ilə inkişafında mühüm rol oynayacaq.