
Standard & Poor's (S&P) beynəlxalq reytinq agentliyi Avropa, Yaxın Şərq və Afrikadakı (EMEA) inkişaf etməkdə olan bazarların (EMs) əksəriyyətinin böhran vəziyyətlərində bank tənzimləmə rejimlərinin tətbiqinə ehtiyatlı yanaşmanı qoruyub saxlayacaqlarını proqnozlaşdırır.
Bu barədə FinFly S&P-yə istinadən xəbər verir.
Agentlik Azərbaycanın bank sektorunda həyata keçirilən uğurlu islahatları da qeyd edib.
"Azərbaycan və Qazaxıstan kimi bəzi ölkələr bank tənzimləməsi və nəzarətinin keyfiyyətini artırmağa yönəlmiş islahatlar həyata keçirirlər. Lakin digər ölkələrdə aşağı şəffaflıq, qeyri-sabit institusional mühit və siyasi müdaxilə kimi amillər prosesi ləngidir. Nəticədə, davamlı tənzimləmə üçün hüquqi mexanizmlərin olmadığı bir çox yurisdiksiyalarda tənzimləyicilər bank böhranlarına cavab vermək üçün hələ də müvəqqəti tədbirlərə əl atırlar", - hesabatda qeyd olunub.
Tənzimləmə rejimi dedikdə, sistem əhəmiyyətli bir bank ödəmə qabiliyyətini itirdikdə və maliyyə dayanıqlığını bərpa edə bilmədikdə görülən tədbirlər kompleksi nəzərdə tutulur. “S&P” hesab edir ki, tənzimləyicilərin məqsədi maliyyə qurumunun fəaliyyətini sabitləşdirmək, böhranın maliyyə sisteminin digər seqmentlərinə yayılmasının qarşısını almaq və lazım gəldikdə, biznesin həyat qabiliyyəti olmayan hissələrini ləğv etməkdir.
Agentliyin məlumatına görə, bəzi ölkələrdə banklara kapitalın adekvatlığına dair minimum tələblərə uzun müddət uyğun gəlməsələr belə fəaliyyətlərini davam etdirməyə icazə verilir. Bundan əlavə, bir çox yurisdiksiyalarda hüquqi baza əhəmiyyətli dərəcədə gücləndirilməlidir. Bu, tənzimləyicilərə problemli banklara qarşı effektiv müdaxiləyə və tədbirlər görməyə imkan verir.