Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycanda rəqəmsal dələduzluq artır. Ekspert yeni sxemlər, risklər və statistikadan danışdı - FinFly

Son dövrlərdə kart sahibləri yeni növ fırıldaqçılıq əməliyyatlarına məruz qalırlar. Bu sahədə son tendensiyalar və açıqlanan statistik göstəricilər barədə FinFly-a açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupunun sədri Tamerlan Rüstəmov məlumat verib.

İlk növbədə o qeyd edib ki, fırıldaqçılıq əməliyyatları rəqəmsal ödənişlərin inkişafı ilə paralel olaraq artmaqdadır:

"Yəni, rəqəmsal ödənişlər inkişaf etdikcə, bu sahədə fırıldaqçılıq halları da artmağa davam edir. Həmçinin, bu cür əməliyyatlar hər bir ekosistemin inkişaf tendensiyalarına uyğun olaraq yeni formalar alır. Məsələn, istifadəçilərin mobil telefonlarına saxta tətbiqlərin yüklənməsi və uzaqdan idarəetməyə imkan verən proqram təminatı vasitəsilə telefonun nəzarətə götürülməsi yeni fırıldaq üsullarındandır. Digər bir nümunə isə şəxsin WhatsApp vasitəsilə adından onun əlaqə siyahısına maliyyə yardımı üçün təcili müraciətlər göndərilməsidir. Hazırda geniş yayılan hallardan biri də sosial şəbəkələrdə təqdim edilən saxta ‘endirim kampaniyaları’dır. Vətəndaş bu ‘kampaniya’dan yararlanmaq istədikdə, əslində ödəniş fırıldaqçının yönləndirdiyi istiqamətdə həyata keçirilir,” – deyə Rüstəmov bildirib.

Onun sözlərinə görə, ənənəvi fırıldaqçılıq üsullarına nümunə olaraq istifadəçilərlə bank əməkdaşı adından əlaqə saxlanılması halları göstərilə bilər:

"Bu zaman əsas məqsəd kart məlumatlarının və ya mobil tətbiqə giriş üçün birdəfəlik parolların ələ keçirilməsidir. Bəzi hallarda isə bank və ya polis əməkdaşı adı altında vətəndaşdan vəsaitin guya təhlükəsiz hesaba köçürülməsi tələb olunur", – deyə Ekspert Qrupunun sədri vurğulayıb.

Statistik göstəricilərə gəlincə, Rüstəmov 2020-ci illə müqayisə apararaq bildirib ki, həmin il ölkədə ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların ümumi dövriyyədə payı 22 faiz və ya 6,4 milyard manat təşkil edirdi:

"Ölkə başçısının rəhbərliyi ilə qəbul edilən strateji sənədlər və Azərbaycan Mərkəzi Bankının apardığı islahatlar nəticəsində 2024-cü ildə bu rəqəm 64,2 faizə, yəni təxminən 79 milyard manata yüksəlib. Elektron ticarət dövriyyəsi isə bu illər ərzində 16 dəfə artaraq 66,5 milyard manata çatıb. Bütün bunlar fonunda, fırıldaqçılıq əməliyyatlarının əhəmiyyətli hissəsi kart təqdim olunmadan aparılan ödənişlər zamanı baş verir", – deyə o əlavə edib.

Beynəlxalq təcrübəyə toxunan ekspert qeyd edib ki, Avropa Mərkəzi Bankı və Avropa Bankçılıq Təşkilatının məlumatlarına görə, 2023-cü ilin birinci rübündə Avropa İttifaqı və Avropa İqtisadi Bölgəsində ümumilikdə 663 milyon avro dəyərində fırıldaqçılıq əməliyyatı qeydə alınıb:

"Bu, ödəniş kartları ilə aparılan əməliyyatların ümumi məbləğində 0,031 faiz, əməliyyatların sayında isə 0,015 faiz təşkil edir. Əməliyyatların həcmi və sayı üzrə fırıldaqçılıqların 80 faizdən çoxu məsafədən aparılan ödənişlər zamanı baş verib. Bu cür əməliyyatların 61 faizi isə kart məlumatlarının oğurlanması nəticəsində həyata keçirilib", – deyə Rüstəmov qeyd edib.