
2025-ci ilin iyul ayının sonuna Azərbaycanda rezident maliyyə institutlarının (həmçinin, statistik vahidin ödəniş kartları) emissiya etdiyi “Visa” kartları vasitəsilə əməliyyatların sayı 130,359 milyon ədəd, əməliyyatların həcmi isə 7,656 milyard manat olub.
FinFly Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bir il əvvəlki göstərici ilə müqayisədə "Visa" kartları ilə əməliyyatların sayı 28,1 milyon ədəd və ya 27,4 faiz, "Visa" kartları ilə əməliyyatların həcmi isə 1,1 milyard manat, yaxud da 17,2 faiz artıb.
Bundan başqa, hesabat dövründə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi "Visa" kartları vasitəsilə əməliyyatların sayı 1,199 milyon ədəd, əməliyyatların həcmi isə 100 milyon manat olub. Ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi "Visa" kartları vasitəsilə əməliyyatların sayı 251,5 min ədəd və ya 26,5 faiz, əməliyyatların həcmi isə 10,6 milyon manat, yaxud da 11,8 faiz artıb.
Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə, ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerli banklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhs olunur.
Qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və say isə xarici ölkələrdə fəaliyyət göstərən bank və maliyyə institutları tərəfindən xaricdə yaşayan şəxslərə verilmiş ödəniş kartları ilə Azərbaycanda aparılan əməliyyatların miqdarını (sayı) və ümumi məbləğini (həcmini) göstərir.