
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 2 milyard 345 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
FinFly xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz çoxdur.
Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 9,3 faiz artaraq 194 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 1,1 faiz artaraq 2 milyard 151 milyon manata çatıb.
4 ay ərzində 2 70,5 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 50,4 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 21,6 min hektarı dən üçün qarğıdalı), 40,5 min hektar sahədə kartof, 43,6 min hektar sahədə tərəvəz, 12,3 min hektar sahədə bostan bitkiləri, 63,7 min hektar sahədə pambıq, 9,9 min hektar sahədə dən üçün günəbaxan, 5,5 min hektar sahədə şəkər çuğunduru, 1,4 min hektar sahədə tütün, 39,3 min hektar sahədə çoxillik otlar, 3,7 min hektar sahədə birillik otlar və 0,2 min hektar sahədə sair yazlıq bitkilər əkilib.
Hesabat dövründə quş əti də daxil olmaqla diri çəkidə 192,3 min ton ət, 701,9 min ton süd, 798,1 milyon ədəd yumurta və 1,9 min ton yun istehsal edilib, ötən ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 4,4 faiz, ət istehsalı 1,2 faiz artıb, süd istehsalı eyni səviyyədə qalıb, yun istehsalı isə 4,6 faiz azalıb.
Yanvar-aprel aylarında təsərrüfatlarda 147,7 min ton tərəvəz və 52 min ton kartof istehsal olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz istehsalı 12,4 faiz, kartof istehsalı 2,1 faiz artıb.