
Fırıldaqçılıq əməliyyatlarına qarşı effektiv mübarizənin təşkili istiqamətində aidiyyəti dövlət qurumları, assosiasiyalar, banklar və fintexlər tərəfindən hansı addımlar atılır və birgə mübarizə necə həyata keçirilir? Bu sualların cavabını FinFly-a müsahibəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ödəniş Sistemləri və Rəqəmsal Bankçılıq üzrə Ekspert Qrupunun sədri Tamerlan Rüstəmov verib.
Onun sözlərinə görə, ümumilikdə bu sahədə fəaliyyətin təşkilində ilk mühüm addım qanunvericilik islahatlarının aparılması, iştirakçı tərəflərin vəzifə və öhdəliklərinin çərçivəsinin dəqiq müəyyən edilməsi, habelə strateji inkişaf istiqamətlərinin təyin edilməsidir.
"Diqqətinizi Mərkəzi Bankın İdarə Heyəti tərəfindən qəbul edilən "2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf strategiyası"-na çəkmək istərdim. Strategiyanın mühüm istiqamətlərindən biri beynəlxalq standartlara və prinsiplərə uyğun nəzarət çərçivəsinin yaradılmasıdır. Məhz bu istiqamət altında fırıldaqçılıq hallarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə mövcud hesabatlılığın qabaqcıl ölkə təcrübələrinə uyğunlaşdırılması və əhalinin fırıldaqçılıq halları haqqında məlumatlılığının artırılması üçün ölkə miqyasında tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur", - deyə, Rüstəmov şərh edib.
Ekspert Qrupunun sədri qeyd edib ki "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının Qanununda ödəniş alətinə və fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarına münasibətdə vətəndaşlar və ödəniş xidməti təchizatçılarının vəzifələri, ödəniş alətindən istifadə və ödəniş hesablarına çıxış əldə etmə üzrə məhdudiyyətlər müəyyən edilmişdir.
"Mərkəzi Bankın "Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi qaydaları"-na əsasən ödəniş xidməti təchizatçısı avtorizə edilməmiş və ya fırıldaqçılıq xarakterli əməliyyatları aşkar edən əməliyyatların monitorinqi mexanizminə sahib olmalıdır. Emitent, ödəniş alətləri ilə aparılmış şübhəli əməliyyatlara dair monitorinqi müqavilə əsasında ödəniş sistemi operatoruna həvalə edə bilər.
Birgə mübarizənin təşkili məqsədilə Azərbaycan Banklar Assosiasiyası nəzdində "Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə" üzrə Ekspert Qrupu yaradılmışdır. Hazırda baş verən fırıldaqçılıq halları üzrə qarşılıqlı kommunikasiya və məlumat mübadiləsi təmin olunur.
Paralel olaraq banklar tərəfindən vətəndaşların müxtəlif kanallar — o cümlədən filiallar, sosial şəbəkələr və elektron bankçılıq xidmətləri üzərindən mütəmadi olaraq məlumatlandırılması, birgə əməkdaşlıq çərçivəsində maarifləndirici videoçarxların hazırlanması təmin edilir", - deyə, Tamerlan Rüstəmov əlavə edib.