
Binance Azərbaycan Mərkəzi Bankına kriptovalyuta tənzimləməsinin yaratmasına dəstək verməyə hazır olduğunu bildirib
Bunu FinFly-a Binance-in Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Afrika regionlarının rəhbəri Kirill Xomyakov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda virtual aktivlərə ilk növbədə kriptovalyuta ictimaiyyəti tərəfindən yüksək maraq var və bazarda ümumi vəziyyət ümidverici olaraq qalır.
"Hazırda istifadəçilər üçün, o cümlədən tənzimləyici orqan tərəfindən onları qorxuda biləcək heç bir məhdudiyyət yoxdur. Bir tərəfdən, bu, əlbəttə, müsbətdir - heç bir maneə, təzyiq yoxdur. Amma digər tərəfdən, bu, həm də müəyyən riskdir, çünki istifadəçilər potensial saxtakarlıq sxemlərindən qorunmurlar. Açığını deyim ki, istifadəçilərin əksəriyyəti heç bir tənzimləmənin dəstəkləmir - onlar hər şeyin mümkün qədər sadə olmasını istəyirlər", - deyə qeyd edib.
Xomyakovun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı yeni normativ hüquqi bazanın yaradılması üzərində fəal işləyir.
"Biz tənzimləmə istiqamətində səyləri tam dəstəkləyirik və Mərkəzi Bankdan müvafiq sorğu olarsa, bu prosesə qoşulmağa hazırıq, istər işçi qrupunda iştirak olsun, istərsə də ekspert dəstəyi. Biz buna tamamilə açığıq. Binance dünyanın ən böyük lisenziya şəbəkəsinə malikdir: artıq 21 lisenziyamız var və biz müxtəlif ölkələrdə səlahiyyətli orqanlarla fəal qarşılıqlı əlaqədəyik. Buna görə də, Azərbaycanda meydana çıxacaq normativ bazanın regionda ən yaxşılarından birinə çevrilməsi və digər bazarlarda gördüyümüz səhvləri təkrarlamaması üçün biz çox məmnuniyyətlə kömək edəcəyik", - deyə Xomyakov vurğulayıb.