
Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində güclü, savadlı və məsuliyyətli mütəxəssislər ordusu formalaşıb.
FinFly xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş İdarə rəisi Azər Əhədov “Bug Bounty” proqramının yekunlaşması ilə bağlı tədbirdə bildirib.
"Bugünkü görüş ölkəmizin rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılmış önəmli addımlardan biri - "bug bounty" – yəni boşluqların aşkarlanması üzrə yarışmanın nəticələrinin ictimaiyyətə təqdim olunmasına həsr olunub. Bu təşəbbüs, dövlət informasiya ehtiyatlarının təhlükəsizliyinin təmin olunmasında ictimai və peşəkar potensialın birləşdirilməsinin bariz nümunəsidir. "Bug bounty" proqramı çərçivəsində könüllü olaraq təhlükəsizlik üzrə zəiflikləri aşkara çıxaran mütəxəssislər, sadəcə texniki bacarıqlarını deyil, həm də vətəndaş məsuliyyətini və dövlətin rəqəmsal gələcəyinə olan töhfələrini nümayiş etdirdilər. Bu, açıq və şəffaf yanaşmanın, həmçinin ictimai iştirakçılığın uğurlu nümunəsidir. Bug bounty proqramı çərçivəsində həyata keçirilən simulyasiya edilmiş kiberhücumlar vasitəsilə dövlət informasiya ehtiyatlarında mövcud ola biləcək zəifliklər aşkarlanıb və bu boşluqların aradan qaldırılması üçün operativ tədbirlər görülüb. Bu, bizə real təhdidlərə qarşı proaktiv müdafiə imkanları qazandırıb və informasiya sistemlərimizin etibarlılığını artırıb", - deyə o qeyd edib.
Baş idarə rəisi vurğulayıb ki, qurumun Təhlükəsizlik Əməliyyatlar Mərkəzinin monitorinq və reaksiya qabiliyyətinin artırılması baxımından bu proqram əhəmiyyətli rol oynayıb: "Aşkarlanan zəifliklər, insidentlərin təhlili və cavab mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində mühüm təcrübələr əldə olunub. Bu təşəbbüs bizə sahə üzrə istedadlı şəxsləri üzə çıxarmağa da imkan verib. Yarışma çərçivəsində öz bilik və bacarıqları ilə fərqlənən mütəxəssislər, gələcəkdə dövlət strukturları ilə birgə layihələrdə iştirak edə biləcək potensial tərəfdaşlar kimi diqqət mərkəzinə gəlib. Onlarla əməkdaşlıq imkanlarını artıq aktiv şəkildə müzakirə edirik. Ən əsası isə bu yarışma vasitəsilə ölkəmizdə "bug bounty" mədəniyyətinin formalaşdırılmasına və təşviqinə real zəmin yaranıb. Şəffaf, məsuliyyətli və konstruktiv əməkdaşlığa əsaslanan bu mədəniyyət, həm dövlət qurumlarının, həm də texnoloji ictimaiyyətin faydasına yönəlib və gələcəkdə kibertəhlükəsizliyimizin əsas sütunlarından birinə çevriləcək".
"Əldə olunan nəticələr göstərir ki, ölkəmizdə informasiya təhlükəsizliyi sahəsində güclü, savadlı və məsuliyyətli mütəxəssislər ordusu formalaşıb. Biz bu proqram vasitəsilə təkcə sistemlərimizdəki boşluqları müəyyən etmədik – biz həm də gənc istedadları üzə çıxardıq, onlara real sınaqa iştirak imkanı verdik. Bu münasibətlə yarışmada fəal iştirak edən bütün mütəxəssislərə, qaliblərə və dəstəyini əsirgəməyən tərəfdaş qurumlara dərin təşəkkürümü bildirirəm. Əminik ki, belə proqramlar davamlı olacaq və dövlət sistemlərinin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamağa davam edəcək. Tədbirimizin davamında biz yarışmanın yekun nəticələrini və qalibləri açıqlayacağıq. Ümidvaram ki, bu tədbir həm də gələcək əməkdaşlıqlara və daha geniş miqyaslı təşəbbüslərə zəmin yaradacaq".