2029-cu ilə qədər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə konteyner daşımalarının həcminin 300 min TEU-ya çatdırılması planlaşdırılır.
FinFly xəbər verir ki, Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, 2025-ci ilin yekunlarına əsasən marşrut üzrə təxminən 77 min TEU konteyner daşınıb.
Qeyd olunur ki, son yeddi il ərzində TBNM üzrə ümumi yükdaşımaların həcmi demək olar ki, beş dəfə artaraq ildə 0,8 milyon tondan 4,5 milyon tona yüksəlib. Bu artım marşrutun qlobal logistika zəncirinin əsas həlqələrindən biri kimi rolunun möhkəmlənməsində mühüm addım hesab olunur.
Nazirliyin məlumatına görə, marşrut üzrə daşımaların dinamikası davamlı artımı nümayiş etdirir: 2019-cu ildə 759 min ton, 2020-ci ildə 783 min ton, 2021-ci ildə 586 min ton, 2022-ci ildə 1,485 milyon ton, 2023-cü ildə 2,764 milyon ton, 2024-cü ildə 4,484 milyon ton, 2025-ci ildə isə 4,119 milyon ton yük daşınıb.
Nazirlik bildirir ki, Transxəzər marşrutu hazırda Çin, Qazaxıstan, Azərbaycan, Qafqaz ölkələri, Türkiyə və Avropa bazarlarını birləşdirən formalaşmış multimodal nəqliyyat arteriyasına çevrilib. Daşımaların artımı infrastrukturun genişləndirilməsi, eləcə də iştirakçı ölkələr və nəqliyyat operatorları arasında strateji tərəfdaşlığın gücləndirilməsi ilə izah olunur.
Nəqliyyat Nazirliyində bildirilib ki, marşrutun inkişafına təsir edən mühüm amillərdən biri gömrük prosedurlarının sadələşdirilməsi, “vahid pəncərə” prinsipinin tətbiqi və yük çatdırılma müddətinin qısaldılmasıdır. Əvvəllər daşımalar 28–32 gün çəkirdisə, hazırda bu müddət 13–17 günə qədər azaldılıb.
